5 iyul 2022, çərşənbə axşamı

Eldar Mahmudov işgəncələrdə iştirak edən 2 müstəntiqini hakim təyin etdirib - SENSASİON AÇIQLAMA


 

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovla bağlı silsilə yazılarını davam etdirəcəyini açıqlayıb. Ərəstun Oruclunun sosial şəbəkə üzərindən paylaşdığı açıqlamasını təqdim edirik:

-Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla o, həmin vəzifədə olduğu dövrdə uzun illər müharibə vəziyyətində olmuşuq. Təbii ki, həmin şəraitdə də mən onun özünü və cinayətkar dəstəsini ifşa edirdim, quldurbaşı isə mənə qarşı müxtəlif təxribatlar, ifşalar, sui-qəsdlər hazırlayırdı.

Etiraf edim ki, Mahmudovun cinayətkar dəstəsindən narazı olan MTN əməkdaşları arasında mənə məlumatlar sızdıranlar da vardı, amma təəssüf ki, bunu anonim şəkildə etdiklərindən heç vaxt onları nə tanıya bilmədim, nə də onlara təşəkkür edə. Bu haqda hələ 2015-ci ildə ətraflı yazmışdım.

Həmin dövrdə Mahmudovun cinayətkar dəstəsi haqda ölkədə 3-4 ən məlumatlı adamdan biri də mən idim, çünki dediyim kimi məqsədli şəkildə ona dair məlumatlar toplayırdım. Bu dəstənin fəaliyyəti haqda bloqumda 2017-ci ildə yazdığım 12 yazı var, amma demək istədiyim bunlar deyil.

Mahmudovun barəsində onun xarici kəşfiyyatlara şərait yaratmasından tutmuş onun uzun illər əvvəl Moskvadakı fəaliyyətinə, işsiz olarkən Bayildakı yarımzirəmi kafelərdən birində üzr istəyirəm, "boğazını otarmağından" sonra da kafe sahibindən "mənə cavan gəlin çağırın" tələbindən nazir olarkən Ukraynadan azyaşlı fahişələr gətirilməsinə qədər hər şeyi bilirdim.

Bu günlərdə bir sıra media vasitələri Mahmudov bandasının əsas fiqurlarından olan keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş, qatı cinayətkar Mövlam Şıxəliyevin məhkəməsindən reportajlar dərc edir. Etiraf edim ki, onları oxuduqca hətta mən də bu bandanın haqqında məlumatlı birisi olaraq dəhşətə gəlirəm.

Eldar Mahmudov ölkədə təkcə minlərlə ailəni bədbəxt etməyib, o, Azərbaycan dövlətçiliyinə hələ miqyası bu gün də müəyyən olunmayan dərəcədə ağır zərbə vurub. Amma bütün cinayətlərinə baxmayaraq bu məxluqu bircə dəfə də normal sorğulamayıblar, halbuki bu adama 5 ömürlük həbs cəzası, asılmaq belə azdır.

Mövlam Şıxəliyevin məhkəməsində isə onun nəzarətində olmuş istintaq təcridxanasında işgəncələrdən öldürülənlar barədə nə bir ittiham, nə də bir epizod yoxdur. Həmin işgəncələrdə iştirak etmiş cinayətkar müstəntiqlərin azı ikisi isə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Bəli, bu da faktdır ki, Mahmudov MTN-ə rəhbərlik edərkən çox ciddi kompromatlar toplayıb və görünür, elə buna görə də azadlıqdadır və azadlıqda da qalacaq. Həmin kompromatlar vaxtilə İlham Əliyevə şəxsən təqdim olunub və elə buna görə də Eldar Mahmudov vəzifəsindən azad edilmişdi.

Amma belə görünür ki, onunla anlaşma əldə olunub və tərəflər qarşılıqlı öhdəlik götürüblər: Mahmudov əlindəki ifşaedici materiallardan istifadə etmir, əvəzində də qarşı tərəf onu həbsdən qoruyur. Əks halda quldurbaşı özünü belə rahat hiss etməzdi, onun övladları isə rahat Londonda oturub qanlı sərvətlərini idarə etməzdi.

Bütün bunları nəzərə alaraq Mahmudovun cinayətləri mövzusuna yenidən qayıtmağı düşünürəm. Əlbəttə, bununla onu həbs etməyəcəklər, amma heç olmazsa izləyənlər quldur dəstəsinin başçısının niyə həbs olunmamasının konkret səbəblərini bilərlər.


Bənzər yazılar